Lerik rayon Mərkəzi kitabxanası

Lerik rayon MKS
Xəbərlər
27 Fevral , 2014

Lerik rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Xocalı soyqırımının 22-ci il dönümünə həsr edilmiş anım mərasimi keçirilmişdir.
Xocalı şəhidlərinin əziz xatirəsinə həsr edilmiş kitab, qəzet və jurnallardan ibarət sərgiyə baxışdan sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Anım mərasimini giriş sözü ilə açan Lerik MKS-nin direktoru Tərxan Feyziyev qeyd etmişdir ki, Xocalı qətliamı sonuncu yüzilliyin insanlığa və bəşəriyyətə qarşı törədilən ən dəhşətli soyqırımıdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Sovet imperiyasının 366-cı alayının köməyi ilə erməni quldurları Xocalı şəhərində dinc əhalinin üzərinə hücuma keçdilər. 3000-nə yaxın əhalisi olan Xocalıda soyqırım zamanı 613 nəfər dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirildi. Xocalıda azərbaycanlılar xüsusi qəddarlıqla, amansızlıqla, vəhşiliklə öldürüldü. 1000 nəfərdən artıq adam, o cümlədən 76 uşaq aldıqları yaradan əlil oldu, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideyinini, 132 uşaq valideynlərindən birini itirdu, 1275 nəfər girov götürüldü. Qətlə yetirilənlərin cəsədlərinin əksəriyyətini ermənilər şəhərdən çıxarmağa imkan verməyib, ona görə də yalnız 335 nəfərin meyitini dəfn etmək mümkün oldu.
Bəli, rəqəmlərdən də göründüyü kimi, Xocalı soyqırımı erməni vandaliziminin ən tutarlı nümunəsidir.
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır. Daha sonra MKS-in əməkdaşı Arzu Əzizovanın məruzəsi dinlənildi.
Çıxışlarda MKS-in əməkdaşları Mahirə Məmmədova, Xoşavaz Feyziyeva və Həlimə İmanova vurğuladılar ki, Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmayacaq. Qüdrətli ordumuz tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəkdir. O gün uzaqda deyil.
Anım mərasimindən sonra Mərkəzi Kitabxana Sisteminin əməkdaşları Xocalı qətliamının 22-ci il dönümünə həsr edilmiş ümumrayon tədbirində iştirak etdilər.