Azərbaycan Xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirildi
2018-12-12
Heydər Əliyev
Meydanında Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin
vəfatının 15-ci il dönümü münasibəti ilə anım mərasimi keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının
rəhbərləri ümummilli liderin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad
etdilər.
Sonra rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların
kollektivləri, ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər
Ümummilli Lider Heydər Əliyevin abidəsi önündən keçərək abidənin önünə tər
gül-çiçək dəstələri düzdülər, Ulu Öndərə sonsuz ehtiramlarını bildirdilər.
Daha sonra Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin həyat və
fəaliyyətinə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Konfrans
iştirakçıları Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətini
əks etdirən eksponatlarla tanış oldular və ümummilli liderin həyatını əks
etdirən “Dastana sığmayan ömür” adlı qısa metrajlı sənədli filmə tamaşa
etdilər.
Konfransı giriş sözü ilə açan icra hakimiyyəti başçısı Rövşən Bağırov ümummilli
lider, ulu öndər Heydər Əliyevin keçdiyi mənalı, şərəfli həyat yolundan,
qurucusu və memarı olduğu müstəqil dövlətimizin iqtisadi cəhətdən
gücləndirilməsi istiqamətindəki heç bir ölçüyə sığmayan fəaliyyəti barədə geniş
məlumat verərək “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda məruzə
etdi.
Bildirdi ki, məhz xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə yenidən
qayıdışından sonra Azərbaycan xalqında ruh yüksəkliyi yarandı, gələcəyə inam
oyandı. Azərbaycan təcrid vəziyyətindən çıxdı və dünya birliyinin üzvü oldu,
mötəbər beynəlxalq təşkilatlara qəbul edildi. Müstəqilliyin və dövlətçiliyin
möhkəmləndirilməsi, siyasi, iqtisadi və hüquqi sahədə islahatlara başlanıldı,
ölkə quruculuq, demokratik cəmiyyət və hüquqi dövlət yaradılması yoluna qədəm
qoydu.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Azərbaycan
dövlətçiliyi və xalqımızın rifahı naminə göstərdiyi fəaliyyət xalqımız
tərəfindən həmişə fəxrlə yad edilir. Azərbaycançılıq məfkurəsini dövlətçilik
ideologiyasına çevirən ulu öndərin əbədiyyətə qovuşmasından 15 il ötsə də, onun
ideyaları Azərbaycan Respublikasında möhtərəm Prezidentimiz cənab İlham
Əliyev və xalqımız tərəfindən uğurla həyata keçirilir. Dünyada müharibə və
iqtisadi böhranın davam etdiyi bir vaxtda Azərbaycanda sabitlik hökm sürür,
dövlətimiz gündən-günə inkişaf edir.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün cənab Prezident
İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, ölkəmizin
bütün bölgələri sürətlə inkişaf edir. Bunu rayonumuzun timsalında daha aydın
görmək olar. Son illərdə rayonumuz gündən-günə inkişaf edir, gözəlləşir. Əhalinin
həyat səviyyəsinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması məqsədi
ilə Lerik şəhərində və kəndlərimizdə tikinti-quruculuq, abadlıq işləri
aparılmış, yeni məktəb binaları, səhiyyə ocaqları, digər sosial obyektlər
tikilmiş, yaşayış məntəqələrinə qaz xətlərinin çəkilişi davam etdirilmiş,
kəndlərarası yollar təmir və bərpa edilmişdir. Prezident cənab İlham Əliyev
oktyabrın 15-də rayonumuza dördüncü səfəri zamanı 5 mühüm əhəmiyyətə malik
obyektlərin açılış mərasimlərində iştirak etdi, rayon ictimaiyyət nümayəndələri
ilə görüşdü. Görüş zamanı cənab Prezident rayonda görülən işləri yüksək
qiymətləndirdi və bu tədbirlərin növbəti illərdə də davam etdiriləcəyini
bildirdi. Bütün bunlar rayon ictimaiyyəti tərəfindən razılıq və minnətdarlıqla
qarşılanır.
Həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi
zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət
idarəçiliyi məktəbinə çevrildiyini qeyd edən natiq Azərbaycan xalqının hələ
neçə-neçə nəsli Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı,
xalqımızın rifahı naminə faydalanacağını diqqətə çatdırdı.
Konfransda YAP Lerik rayon təşkilatının aparat rəhbəri Elxan Qənbərov “Heydər
Əliyev və Yeni Azərbaycan Partiyası”, Lerik Rayon Məhkəməsinin sədri Atabəy
Kiçibəyov “Ulu Öndərin hüquqi dövlət quruculuğu sahəsində gördüyü işlər”, Lerik
“Uzunömürlülər” muzeyinin direktoru Dilara Fətullayeva “Ölkəmizdə dövlət qadın
siyasətinin banisi”, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov
“Qloballaşma şəraitində gənclərin milli ruhda tərbiyəsində Ulu Öndərin rolu”
mövzularında geniş məruzə etdilər.
Tədbir iştirakçılarından Əkrəm Abdullayev çıxış edərək müasir Azərbaycan
dövlətinin memarı və qurucusu Ulu Öndərin həyatı, dövlətçilik tariximizdə mühüm
əhəmiyyət kəsb edən fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, ötən
əsrdə iki dəfə xalqımızın və dövlətçiliyimizin ən ağır vaxtında
məsuliyyəti öz üzərinə götürərək siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər
Əliyev öz uzaqgörən siyasəti ilə Azərbaycanı inkişaf yoluna çıxarmış,
dövlətçiliyimizi məhv olmaqdan xilas etmişdir. Bütün bu xeyirxah əməlləri ilə
xalqın ürəyində özünə əbədilik qazanmışdır.
Sonra Lerik şəhərində “Xeyir-Şər” evində rayon icra hakimiyyəti tərəfindən Ulu
Öndər Heydər Əliyevin anım mərasimi ilə əlaqədar 300 nəfərlik ehsan süfrəsi
açıldı. Tədbirdə Lerik rayon MKS-inin bütün işçiləridə
iştirak etmişdir