Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının yaranmasının 25 illiyinə həsr olunmuş tədbir keçirildi
2018-09-26
Lerik Rayon Mədəniyyət
Mərkəzində Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının yaranmasının 25
illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Azərbaycan
Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov, “Səs” qəzetinin baş
redaktoru Bəhruz Quliyev, YAP mərkəzi aparatının məsul əməkdaşı Emil
Abasov, YAP Lerik rayon təşkilatının fəal üzvləri, rayonun hüquq mühafizə
orqanların, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar və
ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin
önünə tər gül-çiçək dəstələri düzdülər.
Sonra tədbir Lerik Rayon Mədəniyyət Mərkəzində davam etdirildi.
Tədbiri giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşiyev
tədbir iştirakçılarını əsası ulu öndər, xalqımızın ümummilli lideri
Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycanın çağdaş siyasi tarixində mühüm
rol oynayan Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının
yaranmasının 25 illik yubileyi münasibəti ilə təbrik etdi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Yeni Azərbaycan
Partiyasının yaradıcısı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşiyev geniş məruzə ilə
çıxış etdi. Bildirdi ki, Yeni Azərbaycan Partiyası xalqı ciddi şəkildə narahat
edən məsələlərin həllinə nail olmaq istəyindən meydana gəlmişdir. Ümummilli
lider Heydər Əliyev partiyanın II qurultayında demişdir: “YAP o vaxtkı mövcud
vəziyyətdə bütün Azərbaycan xalqının mənafeyinə xidmət etmək üçün və xalqın
ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın
tələbinə uyğun olaraq yaranmış bir partiyadır.”
Azərbaycanın taleyini, müstəqilliyimizin itirilmək təhlükəsini düşünən bir qrup
ziyalı 1992-ci il oktyabrın 16-da Yeni Azərbaycan Partiyasını yaratmaq və ona
rəhbərliyi öz üzərinə götürmək xahişi ilə Heydər Əliyevə müraciət
etdilər. Müraciətdə deyilirdi: “Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübəsinə
əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək
çox böyük, güclü, nüfuzlu və işlək mexanizmə malik bir siyasi partiya yaratmağa
qadirsiniz. Biz, həm öz adımızdan, həm də on minlərlə respublika əhalisi
adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına
rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti
qərarınızı gözləyir”.
Azərbaycanın ən yeni tarixinə “91-lərin müraciəti” kimi daxil olmuş həmin
sənəd, əslində bütün xalqın arzu və istəyini ifadə edirdi. Heydər Əliyev
oktyabrın 24-də ziyalılara göndərdiyi cavabında yeni yaradılacaq
partiyaya rəhbərlik etməsi barədə müraciəti qəbul etdiyini bildirdi. Dahi
şəxsiyyət Heydər Əliyevin “91-lərin müraciətinə” cavabının mətbuatda dərc
olunması ilə Yeni Azərbaycan Partiyasının yaranması prosesi başlandı, minlərlə
insan taleyini bu partiya ilə bağlamaq arzusunu açıq ifadə etdi. Lakin, heç bir
hakimiyyət iddiası nümayiş etdirməyən və qarşısına belə bir məqsəd qoymayan
partiyanın təsis konfransının Bakı şəhərində keçirməyə o vaxtkı iqtidar icazə
vermədi. Yeni Azərbaycan Partiyası blokada şəraitində yaşayan Naxçıvanda
yarandı. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə, Azərbaycanın
bütün regionlarından seçilmiş 550 nümayəndənin təmsil olunduğu təsis konfransı
keçirildi və Yeni Azərbaycan Partiyasının yarandığı elan edildi. Heydər Əliyev
yekdilliklə partiyanın sədri seçildi.
Xalqın və zamanın tələbi ilə yaranan YAP Heydər Əliyevin rəhbərliyi altında çox
böyük tarixi yol keçərək Azərbaycanın inkişafı, müstəqil dövlət kimi
formalaşması üçün bir sıra çətinlikləri aradan qaldırdı, xalqın birlik
simvoluna çevrildi. Qısa vaxt ərzində Heydər Əliyevin partiyası adlanan və xalq
tərəfindən sevilən YAP-nın respublikanın bütün bölgələrində ilk təşkilatları
yarandı. 20-21 dekabr 1999-cu il YAP-nın birinci qurultayında Heydər Əliyev öz
çıxışında çox aydın şəkildə qeyd etmişdir: “Partiyanı bir adam yox, o illərdə
Azərbaycanın ağır vəziyyətini görən, buna dözə bilməyən və bu ağır vəziyyətdən
çıxış yolunu axtaran insanlar və xüsusən ziyalıların hamısı birlikdə
yaradıblar.”
Demokratiyanın atributlarından olan seçki kompaniyaları hər bir cəmiyyətin
inkişafının əsas meyarlarındandır. Azərbaycanın müstəqillik
tarixində böyük seçki təcrübəsinə malik olan Yeni Azərbaycan
Partiyası iqtidara gəldiyi 1993-cü ildən bu günədək keçirilmiş 6
Prezident, 5 parlament, 5 bələdiyyə seçkilərinin hamısında qalib gəlmiş,
Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi məqsədilə 3 referendum
(ümumxalq səsverməsi) müvəffəqiyyətlə keçirilmişdir. 2018-ci ilin aprel ayında
keçirilən növbədənkənar Prezident seçkilərində də bütün xalqımız və həmişə
Heydər Əliyev siyasətinə sadiq olan leriklilər ümummilli liderin siyasi
kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab
İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləmişdir.
Cənab Prezidentin regionlara, o cümlədən Lerikə olan qayğı və diqqətinin
hər birimiz canlı şahidiyik. Cənab Prezidentin rayonumuza tarixi səfərləri,
rayonumuzun inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması ilə bağlı
imzaladığı sərəncamlar əhalimiz tərəfindən razılıqla qarşılanır.
Respublikanın hər yerində olduğu kimi rayonumuzda da sürətli inkişaf hər bir
leriklini sevindirir. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü
il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” rayonumuzda uğurla icra
edilir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda
yeni istehsal sahələrinin yaradılması, əhalinin maddi rifah halının daha da
yaxşılaşdırılması üçün müxtəlif tədbirlərin həyata keçirilməsi, eləcə də əmək
ehtiyatlarından səmərəli istifadə edilməsi sahəsində ardıcıl olaraq işlər
görülməkdədir.
Lerik rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı cənab
Prezidentin verdiyi sərəncamlara uyğun olaraq artıq rayonun 49 yaşayış
məntəqəsində qazlaşdırılma işləri başa çatdırılmış, 54 məktəb, 4 uşaq bağçası,
səhiyyə və mədəniyyət müəssisələri inşa edilmiş, sosial obyektlər əsaslı təmir
edilmiş, şəhərin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin
qurulması ilə bağlı işlər başa çatdırılmışdır. “Azərişıq” ASC tərəfindən
əhalini dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə yeni
transformatorlar quraşdırılmış, 8 yaşayış məntəqəsindəki daxili xətlər sip
kabellərlə əvəz edilmiş, 35 kv-luq Lənkəran-Hamarat-Lerik, 04/10 kv-luq
elektrik hava xətləri əsaslı təmir edilmişdir.
2018-ci ilin birinci yarısında rayon üzrə 380, o cümlədən 107 daimi, 273
müvəqqəti iş yerləri yaradılmışdır. Ümumilikdə isə 2003-2017-ci illər və
2018-ci ilin birinci yarısında 13237 yeni iş yeri açılmışdır ki, bunun da 40
faizdən çoxu daimi iş yerləridir.
Yol infrastrukturunun yenilənməsi ilə əlaqədar cənab Prezidentimizin Sərəncamı
ilə Lerik-Qosmalıan-Kəlvəz və Noda-Şingədulan-Xanəgah, Piran-Hamarat-Vıjaker
avtomobil yolları əsaslı şəkildə yenidən tikilmişdir. Növbəti ildə də
Lerik-Nuravud-Orand avtomobil yolunun tikintisinin həyata keçirilməsi məqsədilə
sənədlər təqdim edilmişdir.
Təkcə 2018-ci ildə Lerik rayonunda 564 şagird yerlik 10 məktəbin və 50 yerlik
uşaq bağçasının tikintisi, Lerik şəhərinin və Şingədulan, Molalan, Sors, Geskon
kəndlərinin içməli su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin
həyata keçirilməsi, Piran-Hamarat-Vıjaker avtomobil yolunun tikintisi, Lerik
şəhərinin içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı alternativ su
xəttinin və Veri kəndinə qaz xəttinin çəkilməsi ilə bağlı cənab Prezidentin
verdiyi sərəncamlar dediklərimizin bariz nümunəsidir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə regionlarda qeyri-neft
sektorunun inkişafı ilə əlaqədar rayonumuzda da səmərəli işlər görülmüşdür.
Taxılçılıq və heyvandarlığa diqqət artırılmış, əvvəlki illərə nisbətən bu
sahələrdə ciddi irəliləyiş var. Ötən il 50 hektar sahədə fındıq tingi, 25
hektarda tütün əkilmişdir. Turizm sahəsində inkişafa nail olunmuşdur. Həmişə
ucqar dağ rayonu kimi xarakterizə edilən Lerik bu gün turizm diyarı kimi
tanınır. Nəinki respublikamızda, onun hüdudlarından kənarda tanınan və
rayonumuza turistlərin cəlb edilməsində mühüm rola malik olan turizm-istirahət
mərkəzlərində hər cür şərait yaradılmışdır. Son günlərdə cənab Prezidentin
tapşırığı ilə Lənkəran-Lerik yolunun əsaslı təmiri, növbəti ildə isə yenidən
tikintisi bu sahənin daha da inkişafına zəmin yaradacaqdır.
Dövlətimizin əldə etdiyi uğurların və cənab Prezidentin titanik fəaliyyəti ilə
reallaşdırılan müstəqil xarici siyasətin nəticəsidir ki, Azərbaycan
Respublikası diplomatiya sahəsində tarixi qələbəyə imza atmış, dünyada söz
sahibi olan bir ölkəyə çevrilmişdir. Bu gün Azərbaycan enerji siyasətinin
təkmilləşdirilməsi və nəqliyyat layihələrinin həyata keçirilməsi istiqamətində
də mühüm uğurlara imza atır, respublikamızın iştirakı ilə Avropanın enerji
daşıyıcıları ilə təmin olunmasını yaxşılaşdırmaq üçün layihələr icra edilir.
“Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması, “Cənub”
qaz dəhlizi layihəsinin uğurla davam etdirilməsi, 2017-ci il oktyabrın 30-da
mühüm nəqliyyat dəhlizi olan Bakı-Tiflis-Qars dəmir yolunun, iyun ayında
TANAP-ın istifadəyə verilməsi, TAP-ın uğurla davam etdirilməsi ölkəmizin
dünyada artan nüfuzunun əyani təzahürləridir.
Bütün sahələrdə olduğu kimi Ordu quruculuğunda da aparılan islahatlar öz müsbət
nəticələrini verməkdədir. 2016-cı ilin Aprel ayında ordumuzun düşmənə sarsıdıcı
əks zərbələri və minlərlə hektar torpaqlarımızın işğaldan azad edilməsi, Cocuq
Mərcanlı kəndinin bərpa edilməsi və qaçqınların doğma torpaqlarına qayıtması,
Bu il isə Naxçıvanda strateji yüksəkliklərin, minlərlə hektar ərazilərimizin
azad edilməsi buna əyani nümunədir. İnanırıq ki, Ali Baş komandanımız, YAP-nın
sədri cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün
torpaqlarımız azad olunacaqdır. Bunu əyani şəkildə Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılmasının və bu günlərdə Bakının erməni-daşnak və
bolşeviklərdən azad edilməsinin 100 illiyi ilə əlaqədar keçirilən paradlarda
bir daha gördük. Paradlarda nümayiş etdirilən hərbi texnika və silahlar
Azərbaycan Ordusunun nəyə qadir olduğunu bütün dünyaya bir daha göstərdi.
Partiyanın hər bir üzvü qarşısında duran əsas məsələnin möhtərəm
Prezidentimizin uğurlu siyasətini təbliğ etmək olduğunu və xalqımızın bu
ideyalar ətrafında daha sıx birləşdiyini qeyd edən natiq bu işdə partiya
üzvlərinə uğurlar arzuladı.
Məruzə ətrafında YAP Lerik rayon təşkilatının aparat rəhbəri Elxan Qənbərov,
rayon Ağsaqqalllar Şurasının sədri Həmzə Vəliməmmədov, Vizəzəmin ilk partiya
təşkilatının sədri, Şura üzvü Fərman Haşımov, YAP Qadınlar Şurasının üzvü Şəhla
Məmiyeva və rayon təşkilatının Əliabad ərazi ilk partiya təşkilatının sədri
Əkrəm Abdullayev çıxış edərək Yeni Azərbaycan Partiyası Lerik rayon
təşkilatının yaranma zərurətindən, uğurlarından söhbət açdılar və təşkilatın
yaranmasının 25 illik yubileyi münasibəti ilə təbriklərini çatdırdılar.
Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı
iqbal Məmmədov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və YAP mərkəzi
aparatının məsul əməkdaşı Emil Abasov çıxış edərək Yeni Azərbaycan Partiyası
Lerik rayon təşkilatının yaranmasının 25 illiyi münasibəti ilə tədbir
iştirakçılarını təbrik etdilər. Yeni Azərbaycan Partiyasının 1992-ci ildə ulu
öndər, əbədiyaşar Prezident Heydər Əliyev tərəfindən və cəmi 1 il sonra 1993-cü
ildə isə partiyanın Lerik rayon təşkilatının rayonun qabaqcıl ziyalıları
tərəfindən yarandığını diqqətə çatdırdılar.
Bu gün YAP-nın ölkənin siyasi həyatında ən güclü və aparıcı partiya olduğunu,
Heydər Əliyev siyasi kursunun cənab İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini, xalqın rifah halının günü-gündən yaxşılaşdığını, respublikamızın
hər yerində aparılan abadlıq, quruculuq-tikinti işlərindən söhbət açaraq son
illərdə respublikamızda işsizliyin və yoxsulluğun azaldığını qeyd etdilər.
Azərbaycanın bugünkü inkişafında, Yeni Azərbaycan Partiyasının
möhkəmləndirilməsində əvəzsiz xidmətləri olan cənab İlham Əliyevin titanik
fəaliyyətini diqqətə çatdırdılar. Yeni Azərbaycan Partiyasının dünənin, bu
günün və sabahın partiyası olduğunu vurğulayaraq rayon gənclərinə Azərbaycan
dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda partiya ətrafında sıx
birləşməyi tövsiyə etdilər.
Sonra bir qrup fəal partiya üzvünə Fəxri Fərman və qiymətli hədiyyələr verildi,
yeni qəbul edilmiş üzvlərə partiya biletləri təqdim edildi.
Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri
cənab İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul edildi.
Tədbir Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının yaranmasının 25
illiyi münasibətilə hazırlanmış konsert proqramı ilə davam etdirildi. Tədbirdə Lerik rayon MKS-inin işçiləridə iştirak
etmişdir.