Lerik rayon Mərkəzi kitabxanası

Lerik rayon MKS
Xəbərlər
2 Mart , 2018

Xocalı soyqırımının iyirmi altıncı ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirildi

2018-02-26

Lerik Rayon Mədəniyyət Mərkəzində rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ağsaqqallar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının iyirmi altıncı ildönümü münasibəti ilə ümumrayon anım mərasim keçirildi.
Öncə tədbir iştirakçıları mədəniyyət mərkəzinin foyesində rayon məktəblilərinin Xocalı faciəsinə həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxış keçirdilər.
Sonra  Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova Xocalı soyqırımı haqqında geniş məruzə etdi.
Sonra rayon prokuroru Bəhruz İbrahimov, rayon təhsil şöbəsinin əməkdaşı Hüseynbala Əliyev çıxış edərək yüz illər boyu erməni millətçilərinin XIX və XX əsrlərdə öz havadarlarının dəstəyi ilə Azərbaycana qarşı olan ərazi iddialarından, azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətindən söz açdılar, bu qanlı faciənin soyqırımı aktı kimi bütün dünya dövlətləri tərəfindən tanınmasından ötrü iş aparılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirdilər.
Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək bildirdi ki, tarixə nəzər saldıqda hələ XIX əsrin əvvəllərindən etibarən Rusiya imperiyasının siyasi alətinə çevrilmiş ermənilərdən Qafqazda müsəlman amilinin güclənməsinə qarşı istifadə olunmağa başlanmışdır. XIX əsrin sonlarından etibarən bir sıra dövlətlərin gizli və açıq himayəsindən istifadə edən erməni millətçiləri “Dənizdən dənizə Böyük Ermənistan” yaratmaq xülyasına düşmüş, ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları törədərək 2,5 milyona qədər günahsız türkü və azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər. XX əsrin ən qanlı hadisələrindən olan, erməni-rus hərbi birləşmələri tərəfindən törədilmiş soyqırımı nəticəsində yeddi min nəfər sakini olan Xocalı şəhərinin bir gecədə yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı. 1992-ci il fevralın 25-də axşam saat 9-da ermənilər Xankəndi şəhərindəki, Rusiyaya məxsus 366-cı mexanikləşdirilmiş atıcı alayın əsgərləri və muzdlu quldurlarla Xocalı şəhərinə hücum etdilər. Şəhər əvvəlcə toplardan və digər hərbi texnikadan şiddətli atəşə tutularaq darmadağın edildi. Düşmənin hücumu nəticəsində Xocalı şəhəri yandırıldı. Sağ qalmış sakinlərə vəhşicəsinə divan tutuldu. 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 azyaşlı uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi. 487 nəfər, o cümlədən 76 nəfər həddi-buluğa çatmamış şəxs şikəst edildi. Faciə nəticəsində 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 1275 sakin girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldı.
Bütün bu olanları dünya ictimaiyyətinə çatdıran Ümummilli liderimiz Heydər Əliyev məhz ilk dəfə bu hadisəyə siyasi qiymət verdi. Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar dəfələrlə xüsusi bəyanatlar və müraciətlər qəbul etmiş, 1994-cü il 24 fevral tarixli 791 nömrəli qərarı ilə 26 Fevral Xocalı Soyqırımı Günü elan olunmuş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il 25 fevral tarixli  Sərəncamı ilə hər il fevralın 26-da saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.
Bu qanlı faciənin dünyada soyqırımı aktı kimi tanınması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz, Heydər Əliyev Fondu və dünyada fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən ardıcıl iş aparılır, dünyanın demək olar ki, əksər dövlətlərində hər il müxtəlif tədbirlər keçirilir. Xocalı qətliamını olduğu kimi, faktlarla dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə filmlər, fotosərgilər nümayiş etdirilir, anım tədbirləri keçirilir. Keçirilmiş bu tədbirlərin nəticəsidir ki, artıq 15 dövlətin parlamentləri, ABŞ-ın 22 ştatının qanunvericilik orqanları, bir sıra beynəlxalq təşkilatların ali orqanları tərəfindən Xocalı soyqırımı haqqında qətnamələr qəbul edilmiş, bəyanatlar verilmişdir. Hazırda ölkəmizin xarici dövlətlərdəki səfirlik və konsulluqları, diaspor təşkilatlarımız tərəfindən, xüsusilə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət” beynəlxalq kampaniyası vasitəsi ilə Xocalı soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması üçün dünyanın, demək olar ki, bütün dövlətlərində müxtəlif tədbirlər keçirilir. Rayonda da təsdiq edilmiş tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilmiş, 26 fevralda bütün ümumtəhsil məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr edilmiş, faciə qurbanlarının xatirəsi ehtiramla yad olunmuşdur. Bu tədbirlərin keçirilməsi tariximizə qanlı hərflərlə yazılmış hadisələrin gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyət daşıyır. Hər birimiz bu sahədə üzərimizə düşən vəzifəni yerinə yetirməliyik
Sonda Xocalı soyqırımına həsr olunmuş “Xocalıyıq” sənədli film  nümayiş etdirildi. Tədbirdə Lerik rayon MKS-inin bütün işçiləridə iştirak etmişdir.