Lerik rayon Mərkəzi kitabxanası

Lerik rayon MKS
Xəbərlər
12 Dekabr , 2016
Heydər Əliyev Meydanında Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin vəfatının 13-cü il dönümü münasibəti ilə anım mərasimi keçirildi. Tədbirdə MKS-in bütün işçiləri iştirak edirdi. 
      Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının rəhbərləri ümummilli liderin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad etdilər.
      Sonra rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər Ümummilli Lider Heydər Əliyevin abidəsi önündən keçərək abidənin önünə tər gül-çiçək dəstələri düzdülər, Ulu Öndərə sonsuz ehtiramlarını bildirdilər.
      Daha sonra Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Konfrans iştirakçıları Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular və ümummilli liderin həyatını əks etdirən “Tarixin Heydər Əliyev zirvəsi” adlı qısa metrajlı sənədli filmə tamaşa etdilər.
      Konfransı giriş sözü ilə açan icra hakimiyyəti başçısı Rövşən Bağırov ümummilli lider, ulu öndər Heydər Əliyevin keçdiyi mənalı, şərəfli həyat yolundan, qurucusu və memarı olduğu müstəqil dövlətimizin iqtisadi cəhətdən gücləndirilməsi istiqamətindəki heç bir ölçüyə sığmayan fəaliyyəti barədə geniş məlumat verdi. Məhz Heydər Əliyev dühası nəticəsində qazanılan dövlət müstəqilliyimiz xalqımızın tarixdə etdiyi ən böyük nailiyyətdir və dahi şəxsiyyət Heydər Əliyevdən bizə müqəddəs yadigar olduğunu qeyd etdi. Bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqımızın rifahı naminə göstərdiyi fəaliyyət xalqımız tərəfindən həmişə fəxrlə yad edilir. Azərbaycançılıq məfkurəsini dövlətçilik ideologiyasına çevirən ulu öndərin əbədiyyətə qovuşmasından 13 il ötsə də, onun ideyaları Azərbaycan Respublikasında  möhtərəm Prezidentimiz cənab İlham Əliyev və xalqımız tərəfindən uğurla həyata keçirilir. Dünyada müharibə və iqtisadi böhranın davam etdiyi bir vaxdtda Azərbaycanda sabitlik hökm sürür, dövlətimiz gündən-günə inkişaf edir.
      Konfransda  YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur”, təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov “Heydər Əliyev və Azərbaycan təhsili”, Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov “Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında”, Lerik şəhər 2 saylı məktəbin müəllimi Mehriban Xanəliyeva “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzularında geniş məruzə etdilər. Ağsaqqallar adından Əliənnağı Əliyev çıxış edərək müasir Azərbaycan dövlətinin memarı və qurucusu olmuş Ulu Öndərin həyatı, dövlətçilik tariximizdə mühüm əhəmiyyət kəsb edən 34 illik siyasi fəaliyyəti haqqında ətraflı məlumat verdi.  Bildirildi ki, ötən əsrdə  iki dəfə xalqımızın və dövlətçiliyimizin ən ağır vaxtında məsuliyyəti öz üzərinə götürərək siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev öz uzaqgörən siyasəti ilə Azərbaycanı inkişaf yoluna çıxarmış, dövlətçiliyimizi məhv olmaqdan xilas etmişdir. Bütün bu xeyirxah əməlləri ilə xalqın ürəyində özünə əbədilik qazanmışdır.
      İllər keçsə də sözün əsl mənasında böyük Azərbaycanlı Heydər Əliyevin dühası hələ uzun illər müstəqil Azərbaycan dövlətinin, onun bütün varlığı ilə sevdiyi Azərbaycan xalqının yoluna işıq saçacaqdır.