Lerik rayon Mərkəzi kitabxanası

Lerik rayon MKS
Xəbərlər
30 Sentyabr , 2016

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasına hazırlıq məqsədi ilə 30.09.2016-cı il tarixdə Lerik rayonunda Lənkəran, Astara və Lerik rayonlarının gənc mədəniyyət işçiləri ilə "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nın fəaliyyətinə həsr olunmuş görüş keçirildi. 
Görüşdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, mərkəzin əməkdaşları Nurəddin Babayev, Tural Əliyev, Pərvanə xanım və Aygün xanım iştirak etdilər.
Lerik rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşü giriş sözü ilə Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov açdı. Daha sonra Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev koordinasiya kreativ qrupunun fəaliyyət istiqamətləri, regionlarda mədəniyyət müəssisələri tərəfindən göstərilən mədəni xidmətlərin müasirləşdirilməsi sahəsində gənclərin ideya və təklifləri barədə məlumat verdi. O, qeyd etdi ki, innovativ ideyaların mədəniyyət sahəsində geniş tətbiqi bu məsələyə gənc əməkdaşların fəal qatılması dərəcəsindən asılıdır. 
Görüşdə gənclərin fəal fikir mübadiləsi oldu. Lerik rayon Mədəniyyət Mərkəzinin baş metodisti Ruslan Məmmədov, Lerik rayon MKS-in əməkdaşı Həlimə İmanova və digər gənclər mövzu ətrafında fikirlərini bölüşərək təkliflər irəli sürdülər.