Lerik rayon Mərkəzi kitabxanası

Lerik rayon MKS
Xəbərlər
2 Sentyabr , 2016

Aprel döyüşlərinin iştirakçıları olan bir qrup hərbi qulluqçu uzunömürlülər diyarı Lerikdə olub

2016-08-31

Müdafiə Nazirliyi və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə uzunömürlülər diyarı Lerikdə aprel döyüşlərinin iştirakçıları olan bir qrup hərbi qulluqçu və ailə üzvləri ilə rayon ictimaiyyətinin görüşü oldu.
      Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən uğrunda!” səyyar təşviqat maşınının vasitəsi ilə səsləndirilən hərbi vətənpərvərlik mahnı və marşlarının sədaları altında Heydər Əliyev meydanına daxil olan qalib döyüşçüləri rayon rəhbərliyi hərarətlə qarşılayıb, milli geyimli qızlar və oğlanlar onlara qəhrəmanlıq rəmzi olan dəfnə yarpaqlarından hörülmüş çələnglər, gül-çiçəklər təqdim etdilər.
      Od-alovdan çıxmış barıt qoxulu igidlər xalqımızın ümummili lideri Heydər Əliyevə bir daha hörmət və ehtiramlarını bildirərək Ulu Öndərin abidəsini ziyarət edib, qarşısına tər gül dəstələri qoydular.
      Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani hər bir hərbi qulluqçunu tədbir iştirakçılarına təqdim edib və onların aprel döyüşlərində göstərdikləri şəxsi rəşadət və sücaətlərdən söhbət açdı. Böyük qələbəlik Vətən əsgərlərini hərarətlə alqışladılar.
      Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov qonaqları leriklilər adından salamlayaraq bu görüşdən hər bir leriklinin qürur duyduğunu bildirdi. O, aprel döyüşlərində Azərbaycan əsgərinin qələbəsi bütün xalqımız kimi hər bir leriklinin də böyük sevincinə səbəb olduğunu, cəbhədən gələn hər qələbə sorağı lerikliləri də ruhlandırğını, həmin günlər bütün rayon əhalisinin Ali Baş Komandanın əmrini gözləydiyini qeyd etdi.
      İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprel döyüşləri haqqında dediyi fikirləri xatırladaraq vurğuladı ki, həqiqətən aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir.
      Qeyd etdi ki, Qarabağ məsafə etibarı ilə Lerikdən çox uzaqdadır. Lakin Qarabağda atılan hər güllənin səsi hər bir leriklinin də evində, qəlbində eşidilir. Çünki Heydər Əliyev ideyalarına, Vətəninə, xalqına, dövlətinə, öz Prezidentinə həmişə sadiq olan uzunömürlülər diyarının sakinləri də müstəqil dövlətimizin qayğıları ilə yaşayır və Qarabağ probleminin tezliklə həllini səbirsizliklə gözləyirlər.
      Azərbaycanın ərazi bütövlüyü uğrunda təkcə Lerik rayonu 140-a yaxın şəhid verib. Onlardan Valeh Müslümov, Fərhad Ağayev, Fəxrəddin Şahbazov, Əsgər Əliyev və Rövşən Abdullayev Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüblər. Diqqətə çatdırılıb ki, aprel döyüşlərinin igidləri sıralarında bu diyardan pərvazlanan oğullar da yetərincədir. Hazırda Silahlı Qüvvələrdə yüzlərlə lerikli gənc Vətən qarşısında əsgəri borcunu şərəflə yerinə yetirir.
       Polkovnik Abdulla Qurbani Azərbaycan Prezidentinin və Müdafiə Nazirliyi rəhbərliyinin şəhid ailələrinə, müharibə əlil və iştirakçılarına daim diqqət, qayğı göstərildiyini və bu işin bu gün də prioritet olduğunu bildirdi.
       Aprel döyüşləri iştirakçılarından polkovnik-leytenantlar Elşən Qarayev, Eldəniz Sadıqov, Vüqar Mirzəliyev, kapitan Hikmət Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından Rövşən Rəhimov, Vüqar Abbasov, Emin Qasımlı və başqaları cəbhə xatirələrini danışıb, onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını bildirib, qazilərin övladları şeirlər söyləyib, ailə üzvləri bu xeyirxah vətənpərvərlik təşəbbüsünə görə tədbirin təşkilatçılarına minnətdarlıq etdilər.
      Tədbir iştirakçıları adından çıxış edən Bəhruz İbrahimov bu kimi tədbirlərin xüsusilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyət kəsb etdiyini, gənclərin orduya hazırlanmasında, hərbi peşələrə həvəsləndirilməsində və döyüşən oğullarımızın qəhrəmanlıq nümunələri əsasında yetişməsində mühüm önəm daşıdığını qeyd etdi.
      Tədbirdə rayon mədəniyyət və turizm şöbəsinin bədii özfəaliyyət kollektivi rəngarəng konsert proqramı ilə çıxış etdi. Səyyar laboratoriyada təcili çap olunan fotolar tədbir iştirakçılarında maraq oyatmışdı. 
      Tədbirin sonunda aprel döyüşü qəhrəmanlarına rayon icra hakimiyyəti başçısı tərəfindən hədiyyələr bağışlanıldı və “Xəyal” turizm və istirahət mərkəzində döyüş iştirakçıları və onların ailə üzvləri üçün ziyafət verildi.