Lerik rayon Mərkəzi kitabxanası

Lerik rayon MKS
Xəbərlər
16 Mart , 2016

Bayramsayağı bəzədilmiş Heydər Əliyev meydanında Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, rayon icra hakimiyyəti başçısı aparatının, idarə, təşkilat və müəssisələrin kollektivləri, hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə bayram şənliyi keçirildi.

Öncə rayon icra hakimiyyəti başçısı bayram münasibəti ilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi və rayonun tarixini, etnoqrafiyasını əks etdirən eksponatlarla tanış oldu.

 Sonra Dədə Qorqud şənlik iştirakçılarını və rayon əhalisini müqəddəs Novruz bayramı münasibəti ilə təbrik etdi. Bayram tonqalı rayon icra hakimiyyəti başçısı və Dədə Qorqud tərəfindən alovlandırıldı.

 Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov min illər boyu xalqımız tərəfindən qeyd edilən milli birlik və həmrəylik rəmzi olan Novruz bayramı münasibəti ilə rayon əhalisini təbrik etdi, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzuladı.

Rayon icra hakimiyyəti başçısı 100-cü Novruz bayramını qarşılayan Bilnə kənd sakini 100 yaşlı Əpruz nənəni təbrik edərək hədiyyələr təqdim etdi.

 Bayram tonqalı ətrafında rayon mədəniyyət evinin və kənd mədəniyyət evlərinin rəqs ansambllarının üzvləri, Novruzun rəmzi olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar nümayiş etdirildi. Bayram tədbirinə xüsusi rəng qatan gənc idmançıların nümayiş etdirdiyi maraqlı nömrələr alqışlarla qarşılandı.

Tədbirə Lerik rayon MKS-in bütün işçiləri də qatılmışdır.