Lerik rayon Mərkəzi kitabxanası

Lerik rayon MKS
Xəbərlər
31 Avqust , 2015

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon mədəniyyət evində keçirilən “Yeni söz karvanı” adlı ədəbi-bədii tədbiri açıq elan edən Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2008-ci ildən başlayaraq hər il ənənəvi olaraq respublikanın müxtəlif şəhər və rayonlarında tanınmış şair və yazıçıların, ədiblərin və muğam ifaçılarının iştirakı ilə keçirilən bu tədbir insanların geniş rəğbətini qazanmışdır. Tədbirin keçirilməsində əsas məqsəd xalqımızın mədəniyyətinin, ədəbiyyatının təbliği ilə yanaşı ölkənin regionlarında yaşayan insanların respublikanın yaradıcı ziyalıları ilə birbaşa ünsiyyətini təmin etmək, yeni ədəbi nümunələrlə tanış olmasına nail olmaqdır.

Daha sonra tədbir tanınmış şair Çingiz Əlioğlu tərəfindən davam etdirildi. Şair Ç.Əlioğlu ölkə Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti nəticəsində sürətlə inkişaf edən respublikamızın, o cümlədən regionlarımızın gündən-günə gözəlləşdiyini, tikinti-quruculuq işlərinin vüsət aldığını qeyd etdi. Bu inkişafın, abadlığın Lerik rayonunda da yüksək səviyyədə getdiyini bildirdi. Tədbirin əsas məqsədinin insanların asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların bədii zövqünün inkişaf etdirilməsinə, yeni şer nümunələri ilə tanış olmasına, mavi ekranlardan gördüyünüz tanınmış simalarla canlı görüşlərinin təşkil edilməsidir.

Sonra tanınmış şairlər Əsəd Cahangir, Əhməd Qəşəmoğlu, Yusif Nəğməkar çağdaş Azərbaycan  ədəbiyyatının inkişaf tendensiyaları haqqında fikirlərini bildirdilər, maraqlı şerlərini oxudular.

Tədbir iştirakçılarının arzusu ilə əsərləri dünyanın bir çox ölkələrinin dilinə tərcümə edilmiş şair Çingiz Əlioğlu yaradıcılığından bəzi nümunələri təqdim etdi. Tanınmış şairlərin öz ifalarında şerləri ictimaiyyətin alqışları ilə qarşılandı.

Eyni zamanda son illər Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğı və diqqəti ilə inkişaf etdirilən muğam sənəti, keçirilən muğam festivalları haqqında məlumat verən Çingiz Əlioğlu muğamın Azərbaycan xalqının milli sərvəti olduğunu bir daha vurğuladı.

Muğam müsabiqəsinin iştirakçıları olan gənc ifaçılar Sədəf Budaqova və Sərxan Bünyadzadə tərəfindən bir-birindən maraqlı musiqi nömrələri təqdim olundu və alqışlarla qarşılandı.

Sonda Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Elbəy Əli çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirdi.

Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə əldə olunan uğurları diqqətə çatdırdı. Bütün sahələrdə olduğu kimi xalqımızın tarixi, milli adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və inkişafı istiqamətində həyata keçirilən tədbirləri qeyd etdi, Bakının beynəlxalq mədəniyyət mərkəzinə çevrildiyini, hər il dünya səviyyəli beynəlxalq elmi, mədəni, dini forumların ölkəmizdə keçirilməsinin bunun əyani təsdiqi olduğunu diqqətə çatdırdı. Eyni zamanda Qəbələdə, Şəkidə, Masallıda və digər regionlarda hər il ənənəvi olaraq beynəlxalq musiqi festivallarının, ötən il ilk dəfə olaraq Lerik rayonunda “Uzunömürlülərin yaradıcılıq” və “Plov” festivalının keçirilməsini cənab Prezidentin mədəniyyətimizin inkişafına, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin təbliği və qorunmasına göstərdiyi yüksək qayğı və diqqətin nəticəsi olduğunu qeyd etdi. Belə gözəl tədbirin uzunömürlülər diyarı olan Lerikdə keçirildiyinə görə minnətdarlığını bildirdi.

Tədbirə Lerik rayon MKS-in bütün işçiləri də qatılmışdır.