Lerik rayon Mərkəzi kitabxanası

Lerik rayon MKS
Xəbərlər
17 Avqust , 2015

 

 

2015-ci il iyulun 23-də Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye Lerik rayonunda səfərdə olmuşdur.

Səfər çərçivəsində Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Paskal Mönye və Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev arasında görüş oldu. Rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev səfiri salamladı, rayonun qədim tarixi, sosial-iqtisadi inkişafı haqqında ətraflı məlumat verdi. Səfir Paskal Mönye Azərbaycanda gedən sosial-iqtisadi inkişafın onda xoş təəssürat yaratdığını qeyd etdi, paytaxtla yanaşı region şəhərlərində də inkişafın, müasirləşmənin getdiyini, bu gün Lerikdə olmasından məmnun qaldığını bildirdi.

Görüş zamanı səfir Paskal Mönyeyə rayon sakinləri tərəfindən hazırlanmış əl işləri nümunələrindən ibarət hədiyyələr və Lerik haqqında yazılmış kitablar  təqdim edildi.

  Səfər çərçivəsində cənab Paskal Mönye “Uzunömürlülər” muzeyində eksponatlarla tanış olmuş, qonağa rayonun uzunömürlü sakinləri və zəngin tarixi keçmişi haqqında ətraflı məlumat verilmişdir. Eyni zamanda səfir burada rayon sakini, uzunömürlü Musa Bədəlovla görüşüb söhbət etmişdir.

Daha sonra səfir Paskal Mönye Fransız və Azərbaycan alimlərindən ibarət arxeoloji ekspedisiya tərəfindən Monidigah kəndində aparılan arxeoloji qazıntılarla tanış olmuşdur.